Enerjinizi artıracaq məlhəm

Bəzən halsız olur, ruh düşkünlüyü yaşayırıq. bir çox hallarda bunu çox işləməklə və ya depressiya ilə əlaqələndirirlər.

fit.az
ev şəraitində hazırlaya biləcəyiniz və sizə gümrahlıq verəcək məlhəmlər təqdim edir:

Enerji mənbəyi

Həyat enerjisini, iş qabiliyyətini yüksəltmək, yaz yorğunluğuna tutulmamaq, xroniki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ev şəraitində vitaminli balzam hazırlayın:

Resept: 10 baş sarımsağın şirəsini çıxarıb, 1 kq. bal və 10 ədəd limonun şirəsi ilə qarışdırın. Məcunu soyuducuda saxlayın. Hər gün axşamlar, yeməkdən sonra 1 xörək qaşığı qəbul edin.

Halsızlığı aradan qaldırın


Xalq təbabətində sarımsaq yağından geniş istifadə olunur. Bu xeyirli məhsul skleroz, ürək-damar xəstəlikləri, əzələ ağrıları spazmı və beyin damarlarının açılmasında geniş istifadə olunur. Onu aptekdən almaq əvəzinə, evdə özünüz də hazırlaya bilərsiniz. Orta ölçülü 4-5 sarımsağı təmizləyib, sıyıq halına düşənə kimi əzin. Şüşə qaba qoyub, üzərinə 1 stəkan süzülməmiş (təmizlənməmiş) bitki yağı əlavə edib qarışdırın. Yağı soyuducunun aşağı gözündə saxlayın. Bir gün sonra ondan istifadə edə bilərsiniz.

İstifadə qaydası: 1 xörək qaşığı limon şirəsinin üzərinə 1 çay qaşığı sarımsaq yağı töküb, qarışdırın. Və bunu hər gün yeməkdən yarım saat əvvəl qəbul edin. Bir kurs müalicə 1-3 aydır. Sonra 2 ay fasilə verib, yenidən təkrarlamaq olar.

Yorğunluğu aradan qaldıran məlhəm


Əgər yorğunsunuzsa, enerjiniz tükənibsə, qanınız qaralıbsa, o zaman mixəyin sehrli gücündən istifadə edin.

İşə və ya vacib görüşə getməmişdən əvvəl yanaqlarınıza bir neçə mixək qoyun. Mixək qorxu, həyəcan hissini azaldıb, qüvvəni bərpa edər, yaddaşı gücləndirər, ağrı-acını yaddan çıxartmaqda kömək edər, əsəb gərginliyini aradan qaldırar. Bundan əlavə, qara fikir və baxışlardan sizi qoruyacaq.