Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Son zəng" tədbiri keçirildi

Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində "Ulduzların təbəssümü" adlı son zəng tədbiri keçirilib.


Fit.az "Report"a istinadən xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli məclisin millət vəkili Bəhruz Məhərrəmov, təhsil kompleksinin icraçı direktoru Aqşin Bağırov, ictimaiyyət nümayəndələri, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.


Tədbirdə çıxış edənlər məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyiblər. Həmçinin qeyd olunub ki, bu il təhsil kompleksini bitirən 21 məzun yüksək nəticələr əldə edib. Vurğulanıb ki, bu il ilk dəfə olaraq təhsil uğurları ilə yanaşı sosial fəaliyyətləri də yüksək olan 3 şagird "Mübariz" medalı ilə təltif olunub.


Tədbir məzunların və digər şagirdlərin hazırladıqları bədii kompozisiyalarla davam etdirilib.


Sonda məktəblilər "Son zəng"i çalaraq və "Sədaqət andı" içərək təhsil illərini yekunlaşdırıblar.


Qeyd edək ki, Təhsil Kompleksi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq 2010-cu ildə fəaliyyətə başlayıb.